Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Qeyd edək ki, Mixail Qusman 23 yanvar 1950-ci ildə Bakı şəhərində hərbi həkim, Böyük Vətən müharibəsi illərində Xəzər Dəniz Donanmasının baş terapevti, polkovnik-leytnant Solomon Moiseyeviç Qusmanın ailəsində anadan olub. Anası Lola Yuliyevna Barsuk əvvəlcə aktrisa, daha sonra tərcüməçi, Azərbaycan Xarici Dillər İnstitutunun professoru olub.
O, 1970-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, 1973 – Bakı Ali Partiya Məktəbini bitirib. 1973-1986-cı illərdə – Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədr müavini, 1986-1991-ci illərdə – SSRİ Gənclər Təşkilatları Komitəsinin informasiya şöbəsinin müdiri – mətbuat mərkəzinin rəhbəri olub. 1991-1995 – “Infomol” İnformasiya Əməkdaşlıq Baş İdarəsinin direktoru, 1995-1998-ci illərdə – ANKOM-TASS beynəlxalq analitik agentliyinin vitse-prezidenti, 1998-1999-cu illərdə – İTAR-TASS Beynəlxalq Əməkdaşlıq, İctimaiyyətlə Əlaqələr və Xüsusi Layihələr Baş İdarəsinin rəisi, 1999-cu ilin yanvar-noyabr aylarında – İTAR-TASS-ın baş direktor müavini, 1999-cu ilin noyabrından – TASS xəbər agentliyinin baş direktorunun birinci müavini olub.
75 yaşlı Mixail Qusman 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısıdır. 2001-ci ildə Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, və 2018-ci ildə Rusiya Federasiyasının əməkdar jurnalisti adına layiq görülüb.
Mixail Qusman YUNESKO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, YUNESKO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının üzvüdür.
Mixail Qusman Azərbaycanla əlaqələrdə fəallığı ilə seçilib, o cümlədən bu günlərdə Xankəndidə keçirilən III Qlobal Şuşa Forumunda iştirak edib.
