Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.
FHN-nin Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.
Qeyd edilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.