Yuxu rejimi ilə ürək-damar sağlamlığı arasındakı əlaqə tibbdə çoxdan sübut olunub. Mütəxəssislər bildirirlər ki, yalnız gecə yuxusu deyil, günorta vaxtı qısa mürgüləmə də ürəyin qorunmasında mühüm rol oynaya bilər.

Heftelik.az-ın Medicina-ya istinadən verdiyi məlumata görə, kardioloq Azər Mustafayev bu mövzuda həm dini tövsiyələrə, həm də elmi araşdırmalara əsaslanaraq maraqlı fikirlər səsləndirib.
“Qaylülə adlanan günorta mürgüləməsi qədim dövrlərdən bəri tövsiyə olunur. Peyğəmbərimiz də bu barədə hədisində qeyd edir ki, günorta namazından sonra 20-30 dəqiqəlik yuxu sağlamlıq baxımından çox faydalıdır,” – deyə həkim bildirib.
Azər Mustafayev qeyd edir ki, son elmi tədqiqatlar da bu tövsiyəni təsdiqləyir:
“Xüsusən kişilərdə günorta saatlarında 20 dəqiqəlik qısa yuxu ürək-damar xəstəliklərinin riskini azalda bilər. Bu, stressin azaldılması, təzyiqin tənzimlənməsi və ritmin stabilləşməsi baxımından əhəmiyyətlidir.”**
Həkim əlavə edib ki, gecə yuxusu da istisna edilməməlidir:
“Ən geci saat 23:00-da yatmaq və 7–8 saat yuxu almaq ürək-damar sisteminin sağlamlığı üçün vacibdir.”
Qeyd: Qaylülə yuxusu xüsusən yüksək təzyiq, aritmiya və xroniki stressdən əziyyət çəkənlər üçün faydalı hesab olunur.