Emin Ağalarov kazino açılması barədə qərarı ilə bağlı tənqidlərə cavab verib.

Heftelik.az-ın xəbərinə görə, Emin Ağalarov bu barədə “Instagram” hesabında paylaşım edib.

Yaş məhdudiyyəti olacaq

Emin Ağalarov bildirib ki, yeni açılacaq kazinoya 21 yaşdan aşağı şəxslər buraxılmayacaq.

Azərbaycanlılar artıq qonşu ölkələrdə oynayır

Qeyd edilib ki,  Gürcüstanda kazinoda oynayanların 17%-ni azərbaycanlılar təşkil edir və məqsəd bu biznesi ölkəyə qaytarmaqdır.

Turizmi kazinosuz inkişaf etdirmək mümkün deyil

Emin Ağalarov qeyd edib ki, bu gün kazinosuz turizmi inkişaf etdirmək, dünya təcrübəsindən geri qalmaq deməkdir. O, Azərbaycanın beynəlxalq poker turnirlərinə ev sahibliyi etməsini və xarici oyunçuların ölkəyə cəlb olunmasını istəyir.

Azərbaycan dünyada beşinci əsas kazino mərkəzinə çevrilə bilər

Onun fikrincə, Azərbaycan Monako, Makao, Şimali Kipr və Las Veqasla yanaşı beşinci əsas kazino məkanı ola bilər. Bu isə il sonuna qədər ölkəyə azı 12 beynəlxalq otel operatorunun cəlb edilməsinə və onların “Sea Breeze” kompleksinə inteqrasiya olunmasına imkan yaradacaq.

Turist axını, iş yerləri və vergi gəlirləri artacaq

Emin Ağalarov vurğulayıb ki, qeyri-mövsüm dövrlərdə belə bu otellər turistlərlə dolacaq. Bu da ölkəyə daha çox turist, daha çox vergi gəliri və yeni iş yerləri deməkdir. Nəticədə ölkənin rifahı yüksələcək.