Bəxtiyar Ersaya ordu generalı (general-polkovnik) rütbəsi verilib.

Heftelik.az-ın xəbərinə görə, bu gün Türkiyə Ali Hərbi Şurasının iclası keçirilib və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sərəncamlar imzalayıb.

Sərəncamla korgeneral (general-leytenant) Bəxtiyar Ersaya ordu generalı (general-polkovnik) rütbəsi verilib.

Bu, Türkiyə Ordusunda ən yüksək generallıq rütbəsidir və yalnız strateji rəhbərlik səviyyəsində xidmət edən komandanlara təqdim olunur.

Qeyd edək ki, Bəxtiyar Ersay Türkiyədə Balyoz hadisələri zamanı həbs edilib, barəsində 16 il həbs qərarı çıxarılıb. Dövlət çevrilişində ittiham edilsə də, cəmi 31 ay həbsdə yatıb. Azad edildikdən sonra Türkiyə Silahlı Qüvvələrinə qayıdıb. FETÖ-nün 15 iyul 2016-cı ildəki dövlət çevrilişi cəhdindən sonra general-mayor rütbəsi alıb.

PKK-ya qarşı ən böyük əməliyyatlar həyata keçirən generallardan biri də Bəxtiyar Ersaydır. 2016-cı ildə o, Hakkaridəki Çukurca 2-ci sərhəd birqadasının komandanı vəzifəsini yerinə yetirib. İlk vəzifəsindən biri Kaletepe bölgəsində toplanan və hücum planları həyata keçirən PKK qrupunu zərərləşdirmək olub. Yüzlərlə PKK terrorçusunu özündə birləşdirən bu qrup 7 dəfə sərhədi pozmağa çalışıb. General Ersayın komandanlığındakı briqada PKK terrorçularının gözləmədiyi halda əməliyyat keçirib. Məlumatlarda qeyd edilir ki, bu əməliyyatla 207 terrorçu məhv edilib. Əməliyyat zamanı general Ersay Kaletepe Dağbaşında əsgərləri ilə günlərlə birlikdə yatıb, birlikdə yeyib, onlarla birlikdə savaşıb.

5 avqust 2022-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Bəxtiyar Ersaya korgeneral (general-leytenant) rütbəsi verilib.

General Bəxtiyar Ersay Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən o, Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb. Azərbaycan müdafiə nazirinin mşaviridir.