Paramuşir adasındakı (Rusiyanın Saxalin vilayətinin Şimali Kuril adaları) Severo-Kurilsk şəhərinin yanacaq təchizatı sisteminə iyulun 30-da sunami nəticəsində xeyli ziyan dəyib.

Heftelik.az  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Yanacaq təchizatı sisteminə ciddi ziyan dəyib. Severo-Kurilskdə estakadada yerləşən qəbuledici qurğu su altında qalıb və sıradan çıxıb. Yanacaq vuran tanker (sahilə – red.) aşıb və onu bərpa etmək mümkün deyil. Avtomatlaşdırma ilə təchiz olunmuş nasos stansiyası da tamamilə su altında qalıb”, – məlumatda deyilir.

Mətbuat xidməti Saxalin vilayətinin energetika naziri Dmitri Kuvarindən sitat gətirib:

“Bizim hesablamalara görə, Paramuşirdə 2,5-4 aylıq yanacaq ehtiyatı yaradılıb. Hazırda müvəqqəti sxemdən istifadə etməklə yanacaq təchizatı sisteminin bərpası istiqamətində işlər aparılır”.

Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatka yaxınlığında güclü zəlzələ baş verib, bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Onun maqnitudası 8,8-ə çatıb. Yarımadanın müxtəlif ərazilərində yeraltı təkanların intensivliyi altıdan 7 bala qədər və daha yüksək olub. Sunami təhlükəsi elan edilib.