Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Heftelik.az-a verilən məlumata görə, bu funksionallığın təmin edilməsi Nazirliyin idarələrarası informasiya sistemləri arasında yaradılmış inteqrasiya nəticəsində mümkün olub.

“Biletim.az” portalı üzərindən işğaldan azad edilmiş ərazilərə bilet alınarkən təqdim olunan icazənin müddəti 5 gün təşkil edir.

Bu dəyişikliklər vətəndaşlar üçün prosedurların sadələşdirilməsi və səfərlərinin daha rahat keçməsi məqsədilə tətbiq olunur.