“Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ evdə Tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, bu iki xalq uzun illərdir ki, müharibə aparır və bu, minlərlə insanın ölümü ilə nəticələnib: “Bir çox liderlər indiyədək müharibəni bitirməyə çalışdılar, lakin uğur əldə edə bilmədilər. Bu, Tramp sayəsində mümkün oldu. Mənim administrasiyam uzun müddətdir ki, hər iki tərəflə işləyir”.
Donald Tramp sabah Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla birlikdə Ağ evdə sülh sazişinin rəsmi imzalanması mərasimində iştirak edəcəklərini bildirib: ABŞ həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Azərbaycan, Ermənistan, ABŞ və dünya üçün tarixi gün olacaq”.