Serbiyanın Novi Sad şəhərində Serb İnkişaf Partiyasının (SİP) binasına edilən hücumlar nəticəsində 60-dan çox insan xəsarət alıb.
Heftelik.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç keçirdiyi mətbuat konfransında bildirib.
“Blokadalarda iştirak edənlər binanın arxa tərəfindən dəyənəklərlə, fişənglərlə, daşlarla hücuma keçiblər. 60-dan çox vətəndaşımız xəsarət alıb. Yalnız Novi Sad şəhərindəki Serb İnkişaf Partiyasının ofislərində 64 nəfər yaralanıb”, – Vuçiç bildirib və əlavə edib ki, toqquşmaların baş verdiyi ərazidə insanlar “sözün əsl mənasında, qanın içində üzürlər”.
“Hazırda vəziyyətə nəzarəti bərpa edirik, əraziyə daha çox polis qüvvəsi göndərilir. İctimai asayiş və sakitlik bərpa olunacaq”, – deyə prezident əlavə edib.
Bundan əvvəl Serbiyanın daxili işlər naziri İvitsa Daçiç bildirmişdi ki, axşam saatlarında keçirilən etirazlar və iğtişaşlar zamanı xəsarət alan polis əməkdaşlarının sayı 15-ə çatıb.
Polisin məlumatına əsasən, son 24 saat ərzində Belqrad, Novi Sad, Niş, Kraguevac və digər şəhərlərdə baş verən iğtişaşlar nəticəsində təxminən 70 nəfər xəsarət alıb.