Lionel Messinin uşaqlıq həkimi Dieqo Şvarsşteyn argentinalının səhhətindəki problemlərin öhdəsindən necə gəldiyini söyləyib.
“Onu mənim sevimli klubum “Nyuells Old Boyz”un bossları müalicə üçün yanıma göndərdilər. Dedilər ki, min oğlan var, amma bu, mütləq ən yaxşısıdır. Messi yanıma gələndə onun 10 yaşı var idi və boyu çox qısa idi – 125 santimetr”, – Heftelik.az-ın Lent.az-a istinadla xəbərinə görə, Dieqo Şvarsşteyn deyib.
Həkimin sözlərinə görə, Messi heç bir qaydaya uyğun gəlmirmiş: “Nəyinsə səhv olduğu aydın idi. Ətraflı təhlillər dörd ay davam etdi. Ailəsi zəngin deyildi və bu, prosesi çətinləşdirirdi. Məlum olub ki, Messinin bədənində kifayət qədər böyümə hormonu istehsal olunmayıb. 20.000 uşaqdan biri bu qüsurla doğulur.
Mən onu üç ildən çox müalicə etdim. O, yaxşı xəstə idi, problemli deyildi. Aydın idi: Leo futbol oynamaq üçün hər şeyi edərdi. Bəzi insanlar estetik səbəblərə görə boy uzatmaq, bəziləri qızları sevindirmək, Messi isə ən yüksək dünya səviyyəsində oynamaq üçün uzun boylu olmaq istəyirdi. Mən o zaman ona dedim: “Boyuna görə narahat olma. Sən Maradonadan da hündür olacaqsan.
Və həqiqətən də belə oldu. Messinin boyu dörd santimetr Maradonanın (165 santimetr) boyundan yüksəkdir. O zaman mən ancaq onun hündür olacağına əmin idim. İndi başa düşürəm ki, Leo da daha yaxşıdır”.
Həkim qeyd edib ki, müalicə onun ayağına və ya qoluna hər gün böyümə hormonu vurulmasından ibarət olub: “Amma heç vaxt şikayət etmədi, çox qərarlı idi. Ümumilikdə müalicələr dörd il davam etdi, ona 1400-ə yaxın iynə vuruldu.
Müalicə 2000-2001-ci illərdə risk altında idi. Ayda 1300 dollara başa gəlirdi. Argentina böyük iqtisadi böhran keçirəndə bir çox tibbi sığorta şirkətləri, o cümlədən Messinin atası Xorxe də problemlərlə üzləşdi. Bir neçə ay bacardıq, amma sonra təhsil aldığım Barselonaya getməli olduq. Kataloniya klubu xərclərin bir hissəsini öz üzərinə götürdü, amma müalicənin 70 faizi biz gedənə qədər Argentinada edildi”.
Həkimin fikrincə, bu müalicənin bir növ dopinq olduğunu düşünən adam axmaqdır: “Bu iynələrin bir futbolçu kimi ona heç bir təsiri olmadı. Biz yalnız onun şanslarını başqaları ilə bərabərləşdirdik. Dərman olmasaydı, 10-15 santimetr qısa olardı və indiki səviyyəsinə belə yaxınlaşa bilməzdi.
Messi ilə sonuncu dəfə 2014-cü ildə danışmışdıq. Mən “Barselona”nın oyunlarında olmuşam və onun atası ilə çox yaxşı münasibətim var”, – Şvarsşteyn bildirib.