Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlardan sonra mətbuat qarşısına çıxıblar.
Hefelik.az xəbər verir ki, 200-ə yaxın rusiyalı və amerikalı jurnalistin qatıldığı mətbuat konfransı Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasında Arktika Döyüşçülərinin Konqres Mərkəzində keçirilib.
İilk olaraq Putin Trampla çox yaxşı birbaşa əlaqələr qurduğunu bildirib. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, Tramp ABŞ prezidenti olsaydı, Ukraynada müharibə olmayacaqdı. O Ukraynanın təhlükəsizliyi üzərində işləməyə hazır olduğunu, Ukrayna xalqını qardaş hesab etdiyini və baş verənlərin faciə və böyük ağrılı hadisə hesab etdiyini deyib.
Bundan başqa Putin Ukraynadakı münaqişəyə son qoyulacağına, Kiyevin və Avropanın böhranın həllinə mane olmayacağına ümid etdiyini deyib.
ABŞ Prezideti deyib ki, Ukrayna ilə bağlı bir çox məqamlar razılaşdırılıb, razılığa gəlmək üçün şans yüksəkdir.”
Donald Tramp Putinlə görüşünün olduqca məhsuldar olduğunu vurğulayaraq növbəti dəfə Putinlə çox yaxın zamanda danışacağını gözlədiyini bildirib.
Putinin növbəti görüşün Moskvada keçirilməsi təklifinə müsbət yanaşan Tramp bunun maraqlı təklif olduğunu deyib.
Bundan başqa Tramp Putinlə Ukrayna məsələsində bir çox məqamlarda razılaşa bildiklərini, lakin hələ də bir sıra məsələlər üzrə razılıq əldə olunmadığını bildirib.
Tramp həmçinin bildirib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsinin sona çatmasında özü qədər maraqlıdır.
Putin və Tramp mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırmayıb və görüşün nəticələri ilə bağlı açıqlamalar verdikdən sonra konfransı tərk ediblər.