Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi “Uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı mübarizə layihəsi çərçivəsində 16 və 17 avqust 2025-ci il tarixində Lənkəran şəhərində Nəzəri-Prakiti Konfrans həyata keçirilib. Tədbirdə Lənkəran və ölkənin müxtəlif regionlarından, o cümlədən Bakı şəhərindən 20 nəfərdən çox qeyd olunan məsələ ilə bağlı birbaşa və ya dolayı məşğul olan müxtəlif təşkilatların nümayəndələri iştirak edib.

Tədbirləri giriş sözü ilə açan İB-in sədri və layihə rəhbəri İntiqam Səfərov iştirakçılara layihəni maliyyələşdirən QHT Agentliyi, təmsil etdiyi təşkilat, layihə mövzusunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb və müzakirələrdə hər bir iştirakçının fəal olmağını xahiş edib. O, həmçinin layihənin nəticəsi olaraq mövzu ilə bağlı əməlumatlandırma tədbirlərinin, sosial şəbəkə hesablarında və media resurslarında müxtəlif paylaşımların vacib olduğunu diqqətə çatdırıb.

Tədbirdə layihə eksperti Afiq Məlikov 2 gün ərzində iştirakçılarla “Azərbaycanda ailə dəyərləri, adət-ənənələr və müasirlik”, “Məişət zorakılığı, onun formaları və onlara qarşı mübarizə tədbirləri”, “Ailədaxili zorakılığa qarşı məsuliyyət – milli qanunvericilik və İstanbul Konvensiyası”, “Azərbaycanda nikahlar və boşanmalar: mövcud vəziyyət və cari statistika”, “Ailədə və cəmiyyətdə uşaqlar, uşaqlara qarşı qısnama və ayrı-seçkilik”, “Uşaqlara qarşı zorakılıq – BMT-nin Uşaq Hüquqları Konvensiyası” bağlı müzakirələr aparılıb və məişət zorakılığına qarşı mübarizə tədbirləri çərçivəsində təbliğatın təşkilinin önəmi vurğulanıb. Tədbirin sonuncu günü qonaq qismində dəvət edilmiş Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da fəaliyyəti zamanı mövzuya uyğun təcrübələri və bu barədə beynəlxalq konvensiyaların müddəalarından irəli gələn məsələləri iştirakçılarla bölüşüb.

Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd uşaq hüquqlarının pozulmasına səbəb olan məişət zorakılığına qarşı ictimai mübarizəni gücləndirmək məqsədi ilə gənclərin və gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.