Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən saxlanılan 3 əcnəbi barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Müvafiq qərarla saxlanılanların hər biri barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

***

saat 12.36

Bakıda turist kimi səfər edən əcnəbilər Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşıb.

DİN Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.