Yaxın bir-iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığı bəlli olacaq.

Heftelik.az-ın xəbərinə gprə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə bildirib.

Donald Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə inandığını vurğulayıb. Onun sözlərinə görə, əsas məsələ belə bir görüşün baş tutub-tutmaması deyil, onun nə vaxt təşkil olunacağıdır: “Düşünürəm ki, biz bunu təşkil edəndə, yəni “nə vaxt” sualına cavab tapanda, əminəm ki, həqiqətən də müsbət addımların şahidi olacağıq”.

ABŞ Prezidenti qeyd edib ki, Rusiya və Ukrayna arasında mümkün ərazi mübadiləsi məsələsini müzakirə etmək lazımdır: “Belə bir müzakirə hazırkı cəbhə xəttini və Rusiyanın nəzarətində olan əraziləri nəzərə almalıdır. Ərazi mübadiləsi hazırkı təmas xəttini nəzərə almaqla həyata keçirilməlidir. Biz əmin olmaq istəyirik ki, sülh əldə olunarsa, o, uzunmüddətli olsun. Biz iki il davam edən, sonra yenidən xaosa çeviriləcək sülhdən danışmırıq. Biz istəyirik ki, hər şey düzgün olsun”.