Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər.
Heftelik.az xəbər verir ki, sonra dövlət başçısı sakinlərə mənzillərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib ki, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Dövlət başçısı bildirib ki, “Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.