Çində 75 yaşlı kişi süni intellektin yaratdığı “sevgili”yə o qədər inanıb ki, öz ailəsini dağıtmaq istəyib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, pensiyaçı Cian adlı kişi sosial şəbəkələrdə qadın bota rast gəlib. Təcrübəli istifadəçilər üçün bunun süni model olduğu açıq-aşkar görünsə də, yaşlı kişi onun real olduğuna inanıb. Ona xoş bir həmsöhbət kimi görünüb və hətta dodaq hərəkətləri ilə səsin uyğun gəlməməsi də onu şübhələndirməyib.
Zaman keçdikcə Cian bu ünsiyyətə o qədər aludə olub ki, ən çox məhz virtual “sevgilisindən” gələn mesajları gözləyirmiş. Arvadı onun telefonda həddindən artıq vaxt keçirməsinə irad bildirəndə isə kişi “rəqəmsal obrazla birlikdə olmaq” üçün boşanmaq istədiyini söyləyib.
Vəziyyət ciddiləşib və yalnız uşaqlar atalarını inandıra biliblər. Onlar izah ediblər ki, onun “sevgilisi” əslində mövcud deyil, sadəcə süni intellektin məhsuludur.
Mütəxəssislər ailələri yaşlı qohumlarının onlayn fəaliyyətinə daha diqqətlə nəzarət etməyə çağırırlar. Çünki süni intellektin faydaları ilə yanaşı, o, həssas insanlar üçün ciddi təhlükə də yarada bilər.