Rusiyanın Sverdlovsk vilayətində banka cərimə tətbiq edilib. Səbəb – iki ay ərzində müştəriyə kredit borcunu qaytarması tələbi ilə 170 dəfədən çox zəng və mesaj göndərməsi olub.
Heftelik.az-ın məlumatına görə, bu barədə Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
Degtyarsk şəhər sakini FSSP-yə müraciət edib. Yoxlamanın nəticəsində mütəxəssislər müəyyən ediblər ki, bank borcun qaytarılması ilə bağlı fəaliyyət göstərərkən fiziki şəxslərin hüquqlarını qorumaq haqqında qanunu pozub.
“Bundan başqa, bankın təqdim etdiyi məlumat telefon danışıqlarının detallaşdırılması ilə üst-üstə düşmürdü, bu isə inzibati hüquqpozmaları gizlətmək cəhdinə işarə edir”, – məlumatda bildirilib.
Cərimənin məbləği 100 min rubl (təxminən 2109 manat) təşkil edib. Məlumata görə, məbləğ artıq ödənilib.