Qəbələdə ağır avtomobil qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.

Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ”ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Həmçinin, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ-2106” markalı avtomobildə olan sərnişinlər – 1972-ci il təvəllüdlü Səfərəliyev Süphi, 1978-ci il təvəllüdlü Qocayev Mehdi və 2010-cu il təvəllüdlü yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

TƏBİB-dən bildirilib ki, bu gün saat 14:30 radələrində Qəbələ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (kişi cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Müxtəlif dərəcəli xəsarət alan şəxslərə müştərək travmalar, başın və alının açıq yaraları diaqnozları təyin olunub.

Pasiyentlərdən 1972-ci il təvəllüdlü şəxsin vəziyyəti ağır qiymətləndirilib və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

1994 və 2010-cu il təvəllüdlü şəxslərə zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil qiymətləndirilir. Hər iki şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

1978-ci il təvəllüdlü şəxs zəruri ilkin tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.