Ukrayna Silahlı Qüvvələrinin “Drujba” neft kəmərinin infrastrukturuna endirdiyi zərbələr, əslində, Macarıstan və Slovakiyaya hücumla eynidir, çünki bu ölkələr neft tədarükünü həmin marşrutla həyata keçirirlər.

Heftelik.az-ın məlumatına görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Nazir qeyd edib ki, bu hücumlar Macarıstana və Slovakiyaya yönəlib: “Onlar Rusiya deyil, məhz bu iki ölkəyə zərər vurur. Kiyev bu yolla Budapeştə təzyiq göstərmək istəyir, xüsusilə də Ukraynanın Avropa İttifaqına üzvlüyü və Ukrayna münaqişəsindəki mövqeyi ilə bağlı məsələlərdə. Brüssel bu hücumlara münasibətdə susaraq dolayı dəstək göstərir”.
Peter Siyarto Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarına da toxunub: “Heç bir şübhə yoxdur ki, Zelenski açıq şəkildə, kobud və həyasız formada Macarıstana hədə-qorxu gəlib. Zelenski açıq bəyan edib ki, əgər Macarıstan Ukraynanı dəstəkləyən mövqe tutmasa, onda “Drujba” neft kəmərinə hücumlar davam etdiriləcək. Bu kəmər isə Macarıstanın enerji təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.