Bakıda qadına qarşı dələduzluq edilib.

Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, maşın alqı-satqısı ilə məşğul olan 32 yaşlı Natiq Əsədov (soyad şərtidir) il yarım əvvəl “McDonalds” restoranında Sahilə adlı qızla tanış olub. Onunla Sahilə arasında münasibətlər get-gedə ciddiləşib və Natiq qızı ailə quracaqlarına inandırıb.

Sahilə tanışlıqdan əvvəl “Ford Fusion” markalı avtomobilini satdığı üçün işi ilə əlaqədar yeni nəqliyyat vasitəsi almaq istəyib. Natiq bu işdə ona kömək olacağını və Koreya Respublikasından 2018-ci ilin “Hyundai Santafe” markalı avtomobil gətirəcəyinə söz verib. Bunun üçün qızdan 18 min manat pul alıb. Daha sonra özünə cinayət işi başlanıldığını və işə xitam verilməsi üçün vəzifəli şəxslərə pul ödəməli olduğunu deyib. Bu yolla da Sahilədən 20 min manat pul alıb.

Sonradan aldandığını görən zərərçəkən hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə Natiq Əsədov saxlanılıb və barəsində yekun olaraq, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda törədildikdə) maddəsilə ittiham elan olunub.

İstintaq dövründə Natiq Sahilə ilə barışıb və dəymiş ziyanın 25 faizini ödəyib. Buna görə də, Nərimanov rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Natiq Əsədov barəsində açılan cinayət işinə xitam verilib.