“Qarabağ” “Ferentsvaroş”la (Macarıstan) oyunda hesabı qorumaq barədə düşünməyəcək.
Heftelik.az-ın xəbərinə görə, bunu Report-a Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.
Mütəxəssis Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a qarşı cavab matçında da qələbə qazanacağını söyləyib:
“Liqa mərhələsinə düşmək üçün “Qarabağ”ın şansı daha yüksəkdir. Səfərdəki 3:1 hesablı qələbə çox vacib idi. Təmsilçimizin hesabı qorumaq barədə düşünəcəyinə inanmıram. Çünki “Qarabağ”ın öz oyun dəsti-xətti var və bu axşam onu görəcəyimizə əminəm”.
O, “köhlən atlar”ın Liqa mərhələsinə vəsiqə qazanacağı təqdirdə yeni tarix yazacağını vurğulayıb:
“Qarabağ” axşam istəyinə çatsa, Azərbaycan futbolu üçün yeni səhifə açılacaq. Düzdür, bir dəfə bu sevinci yaşamışıq. Ancaq yenə də eyni hissləri yaşamaq gözəl olardı. Heyətin güclənməyə ehtiyacı olub-olmamağını məşqçilər korpusu deyə bilər. Lakin istənilən halda Liqa mərəhləsində daha güclü futbolçulara ehtiyac duyula bilər”.
Qeyd edək ki, “Qarabağ” – “Ferentsvaroş” matçı bu gün, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.