Bu gün Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli binanın beşinci mərtəbəsində partlayışın baş verməsinə səbəb ilkin ehtimala görə, qaz sızması olub.
Heftelik.az xəbər verir ki, bu sözləri Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında deyib.
O, qeyd edib ki, məlumatla əlaəqədar hadisə yerinə FHN-nin əməkdaşları cəlb edilib. Bina sakininlərinin evakuasiyası təmin edilib. Hadisə nəticəsində ölüm və ya ciddi xəsarət alan olmayıb.
Rəis müavini bildirib ki, partlayış nəticəsində binanın birinci girişinin 4 və 5-ci mərtəbəsi qəzalı vəziyyətə düşüb, kommunikasiya xətləri kəsilib.
Agentliyin mütəxəsisləri binaya baxış keçirib. Binanın 4 və 5-ci mərtəbəsi qəzalı vəziyyətdə olduğu üçün oranın yenidən bərpasına ehtiyac olduğu məlum olub.
Elxan Əsədov bildirib ki, bununla bağlı hökumət tərəfindən qərar qəbul ediləcək, layihə-smeta sənədləri hazırlanacaq və binanın bərpa işlərinə başlanılacaq.
Agentliyin sədr müavininin sözlərinə görə, layihələndirmə və bərpa prosesi zamanı birinci girişdə yaşayan 15 mənzilin sakinlərinə müvəqqəti yaşayış üçün kirayə haqqı ödəniləcəkdir: “Biz çalışacağıq ki, binanın bərpasını tez bir zamanda həyata keçirək və həmin sakinləri öz evlərinə qaytaraq”.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Partlayış nəticəsində 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.