Məşhur Hollivud aktyoru Bryus Uillis əziyyət çəkdiyi demensiya xəstəliyinin güclənməsi səbəbindən danışmağı dayandırıb, ailəsi onu ayrıca evə yerləşdirib və 24 saatlıq tibbi yardımla təmin edib.
Heftelik.az-ın  xəbərinə görə, bu barədə aktyorun həyat yoldaşı, britaniyalı aktrisa Emma Heminq ABC telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, xəstəliklə uzun sürən mübarizədən sonra aktyorun beyni zəifləyib. Aktrisa, həmçinin xəstəliyin başlanğıcında Uillisin çəkiliş meydançasında replikaları necə unutduğundan, yaxınları ilə məsafəli və soyuq davranmasından da danışıb.
“Bryusun ümumilikdə səhhəti pis deyil. Sadəcə beyni ona narahatlıq verir. Nitqi gedir və… biz uyğunlaşmağı öyrənmişik. Onunla fərqli şəkildə ünsiyyət qururuq”, – deyə Emma Heminq bildirib.
Aktrisa qeyd edib ki, hələ də onun içində köhnə Uillisin “zəif əks-sədaları” qalıb, lakin xəstə olduğuna görə ailəsi onu “ikinci evə” – rahat hərəkət edə biləcəyi və gecə-gündüz həkimlər tərəfindən baxıldığı birmərtəbəli binaya yerləşdirməyə qərar verib.
Xatırladaq ki, 2023-cü ilin fevral ayında Bryus Uillisin ailəsi aktyorda alın-gicgah demensiyasının inkişaf etdiyini açıqlayıb. Bu xəstəlik koqnitiv (idrak) qabiliyyətin tədricən itirilməsinə gətirib çıxarır. 2025-ci ilin yazında Bryus Uillisin həyat yoldaşı aktyorun çəkiliş meydançasında xəstəliyinin əlamətlərini gizlətdiyini demişdi. Aktyorun vəziyyəti son vaxtlar kəskin pisləşib.
Qeyd edək ki, Bryus Uillisin filmoqrafiyasına 130-a yaxın film daxildir. Aktyor “Məğlubedilməz” (və ya “Çətin ölmək”), “Kriminal mütaliə”, “On iki meymun”, “Beşinci element” və digər filmləri ilə tanınıb.