Ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmuş abituriyentlər 2025–2026-cı tədris ilinin payız semestri üçün 28 avqust – 8 sentyabr tarixlərində portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman, paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə təhsil tələbə krediti üçün müraciət edə bilərlər.

Bu barədə Heftelik.az-a Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb. TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisimizə yaxınlaşaraq əməkdaşlarımızdan dəstək ala bilərlər.

Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün Fondun çağrı mərkəzi (146-5), WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir.