Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.
NİİM-dən Heftelik.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, sükan arxasında diqqətsizlik ağır qəzalara səbəb olur: “Müşahidələr göstərir ki, sürücülərin sükan arxasında diqqətsizliyi və məsuliyyətsizliyi ağır yol-nəqliyyat hadisələrinə, özlərinə və digər hərəkət iştirakçılarına, həmçinin yol infrastrukturuna ziyan dəyməsinə səbəb olur. Bu cür qəzalar əsasən sürücülərin zolağı dəyişərkən diqqətsizliyi, sürəti hərəkət intensivliyinə uyğun tənzimləməmələri səbəbindən baş verir. Nəticədə, xüsusilə də nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi küçə və prospektlərdə sıxlıq yaranır, hərəkət çətinləşir”.
NİİM sürücülərə müraciət edərək bildirir ki, sükan arxasına əyləşən hər bir sürücü yollarda diqqətli olmalı, yol nişanlarının tələblərinə uyğun hərəkət etməli, qarşılaşa biləcəyi hər hansı maneəyə görə qəzanın baş verməməsi üçün sürət həddini və hərəkət zolağını düzgün seçməlidir: “Həmçinin texniki problemə görə məcburi dayanma zamanı sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çəkməli, qəza işıqlarını yandırmalı və xüsusi nişandan istifadə etməlidir. Unutmayaq ki, yol-nəqliyyat hadisələrinin iştirakçısı olmamaq üçün yollarda diqqətli və məsuliyyətli olmaq, qaydalara riayət etmək lazımdır”.