Rusiya neftinin ixracı bərpa olunub və bu prosesdə aparıcı rolu Çin öz üzərinə götürüb.
Heftelik.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər bu vəziyyəti ABŞ Prezidenti Donald Trampın Hindistana qarşı gömrük rüsumları tətbiq etməsi ilə əlaqələndirirlər.
Çinə yönələn xam neft tədarükü artıb və gündəlik 1,28 milyon barellə son beş ayın maksimum səviyyəsinə çatıb.
Bununla yanaşı, Rusiya limanlarından ümumi həftəlik xam neft ixracı əvvəlki yeddi gün ərzində gündəlik 770 min barel artaraq 3,49 milyon barelə yüksəlib ki, bu da son yeddi həftənin maksimum göstəricisidir.
Hindistana yönəlmiş tanker neftinin həcmi 31 avqustadək olan dörd həftə ərzində gündəlik 1,3 milyon bareldən aşağı səviyyədə qalıb ki, bu da mart ayında qeydə alınan pik göstəricidən azdır.
Əvəzində Çinə tədarükdə əhəmiyyətli artım müşahidə olunub və bu göstərici 1,28 milyon barel/gün səviyyəsinə çataraq son beş ayın ən yüksək həddinə yüksəlib.