Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, avtoqəza nəticəsində xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalmış 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
TƏBİB-dən isə bildirilib ki, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın cinsli) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan 2000 və 2002-ci il təvəllüdlü şəxslərə (qadın cinsli) döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Hadisə nəticəsində 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
Beləliklə, hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
***
saat 11.17
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən Heftelik.az-a verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
***
saat 11.07
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirib və körpüdən avtomobillərin üzərinə düşüb.
Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib.