Trampın dostunu öldürən tutuldu

12 Sentyabr 2025, 18:10

Amerikalı mühafizəkar fəal Çarli Kirkin qətlində şübhəli bilinən  şəxs tutulub.

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalında yayımlanan verilişdə deyib.

O, Kirkin qatilinin ölüm cəzası alacağına ümid etdiyini bildirib.

Tramp əlavə edib ki, Kirkin qatili barədə onun özünə yaxın olan bir şəxs tərəfindən aidiyyəti qurumlara məlumat verilib.

“The New York Post” qəzeti yazıb ki, Çarli Kirkin qətlində şübhəli bilinən şəxs Utah ştatının 22 yaşlı sakini Tayler Robinsondur.

Nəşrin məlumatına görə, məhz Robinson bu iş üzrə əsas şübhəli kimi tanınıb və araşdırmanın mərkəzindədir.

“ABŞ Prezidenti Tramp cümə günü səhər bəyan edib ki, Çarli Kirkin qətlində şübhəli şəxs saxlanılıb. Hüquq-mühafizə orqanlarındakı mənbələr bildirib ki, bu şəxs 22 yaşlı Utah sakini Tayler Robinsondur”, – nəşrdə qeyd olunur.

Məlumata görə, gənci hüquq-mühafizə orqanlarına öz atası ifşa edib. Robinson cinayəti bir ailə üzvünə etiraf etdikdən sonra atasının polisə müraciət etdiyi bildirilir.

İstintaq materiallarına əsasən, Tayler Robinson daha əvvəl polis orqanlarının diqqətində olmayıb. Ona qarşı tezliklə rəsmi ittiham irəli sürüləcək.

Amerikalı siyasi fəal və ABŞ prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk Yuta Universitetində çıxışı zamanı güllələnib.