Müdafiə nazirinin sabiq müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi mərhum general-leytenant Fuad Məmmədov və iki şirkət əməkdaşının cinayət işi üzrə uzun müddətdir davam edən məhkəmə araşdırması başa çatıb.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda vəzifə səlahiyyətlərini aşmaqla xüsusilə külli miqdar təşkil edən 15 milyonluq mənimsəmədə təqsirli biliniblər.
Hökmə əsasən şirkət əməkdaşları – Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
General-leytenant Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin olunmayıb. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum generalın üzərinə həbs qoyulmuş Badamdar qəsəbəsində yerləşən böyük torpaq sahəsi, Mərdəkanda bağ evi, bahalı avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlakları dövlət nəfinə müsadirə olunub.
Qeyd edək ki, mərhum general Fuad Məmmədovun cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
F. Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.
***
saat 14.12
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, şirkət əməkdaşı – Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Fuad Şeydabəyov 10 il 6 ay, Azər Xəlilov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Fuad Məmmədov vəfat etdiyi üçün ona cəza təyin edilməyib.
Qeyd edək ki, general Fuad Məmmədov 2018-2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib. İş üzrə onun oğlu hüquqi varisi kimi tanınıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4, 341.2.1, 341.2.3 və 313-cü maddələri ilə ittiham olunub. Cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi – Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər.