Azərbaycan iqtisadiyyatı güclü və fundamental baza üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin Müqaviləsi” qlobal miqyasda nümunəvi əməkdaşlıq modeli kimi tarixə düşmüş, sonrakı illərdə Asiyadan Avropaya qədər uzanan iri transmilli layihələr və logistika şəbəkələrinin inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Heftelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində deyilir:

“Ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra Azərbaycanın səyləri ilə regionda uzunmüddətli sülh, sabitlik və dayanıqlı inkişafın əsası qoyuldu. Hazırda Azərbaycan xarici siyasətində artıq iqtisadi diplomatiyaya üstünlük verərək diqqətini yeni əməkdaşlıq əlaqələrinin qurulmasına, qeyri-neft sahələrinin, xüsusilə də ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir”, – dövlət başçısı qeyd edib.