2020-ci il noyabrın 10-u Azərbaycan tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Məhz həmin gün Ermənistan kapitulyasiya aktına imza atdı və nəticədə təqribən 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqları azad edildi. Bu gün həm də Azərbaycan xalqının uzun illər boyu çəkdiyi həsrətin, ədalət mübarizəsinin və milli birliyinin tarixi zəfərlə nəticələndiyi gündür.
Qarabağ münaqişəsi illərlə Azərbaycanın iqtisadi, siyasi və sosial həyatına mənfi təsir göstərmiş, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsinə səbəb olmuşdu. Ermənistanın işğal siyasəti təkcə Azərbaycanın ərazi bütövlüyünə deyil, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Lakin Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmadı, siyasi, diplomatik və hərbi müstəvidə ardıcıl fəaliyyət göstərərək torpaqlarını azad etmək üçün tarixi fürsəti dəyərləndirdi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının gücünü, dövlətin hərbi qüdrətini və siyasi iradəsini nümayiş etdirdi. Ordumuz yüksək peşəkarlıq, müasir texnologiyalardan səmərəli istifadə və xalq-dövlət birliyi sayəsində düşməni məğlubiyyətə uğratdı. Ermənistanın kapitulyasiyası isə bu mübarizənin məntiqi sonluğu oldu.
Bu hadisə həm də beynəlxalq münasibətlər sistemində mühüm əks-səda doğurdu. Azərbaycan beynəlxalq hüququn aliliyini təmin edərək, BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını faktiki olaraq həyata keçirdi. Beləliklə, Azərbaycanın haqq səsi və ədalət tələbi qələbə ilə taclandı.
10 noyabr tarixi təkcə hərbi qələbənin deyil, həmçinin siyasi uzaqgörənliyin, milli iradənin və xalq-dövlət birliyinin simvoludur. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Ən əsası isə, gələcək nəsillərə müstəqil, güclü və qalib Azərbaycan miras qoyuldu.
Rəvanə Kərimova
Nəsimi Rayon Gənci.