Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Hindistanla münaqişədə qalib gəldiyini və hazırda sülh üçün çalışdığını deyib.
Heftelik.az xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.
“Bizim qırıcılarımız havaya qalxdı və Hindistanın 7 qırıcısını məhv etdi. Biz müharibəni udduq, indi isə sülhü qazanmaq istəyirik”, – Şahbaz Şərif deyib.
Pakistanın Baş naziri Hindistanla əldə olunan atəşkəsdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.
“Pakistan Prezident Trampın qətiyyətli və uzaqgörən liderliyi sayəsində ərsəyə gələn atəşkəslə razılaşır. Biz ona bu səbəbə görə minnətdarlığımızı bildiririk. Pakistan Prezident Trampın Nobel Sülh Mükafatında namizədliyini irəli sürüb. Bu, bizim sülh üçün edə biləcəyimiz ən az işdir. Prezident Tramp əsl sülh adamıdır”, – Baş nazir qeyd edib.
Pakistanın Baş naziri çıxışında Hindistanla toqquşmalar zamanı dəstəyə görə Azərbaycana təşəkkür edib.
“Biz Çin, Səudiyyə, Ərəbistanı, Türkiyə, Azərbaycan və başqa ölkələrə Hindistanla may ayında baş verən toqquşmalarda Pakistana göstərdiyi diplomatik dəstəyə görə təşəkkür edirəm. Pakistan bütün mövzularda Hindistanla hərtərəfli və nəticə yönümlü dialoqa hazırdır”, – Şahbaz Şərif bəyan edib.