
Heftelik.az-ın məlumatına görə, sentyabrın 29 – da Bakı Dövlət Universitetində keçirilən tədbirdə təqdim edilən “Ermənistanın toponimik cinayətləri” kitabının müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində çap edilmiş kitabda əvvəlcə Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesi şərh edilir. Daha sonra Qərbi Azərbaycanın etnotoponimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimləri təqdim edilir.
Təqdimatda çıxış edən layihə rəhbəri, “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin yerli və xarici ictimaiyyətinə çatdırılmasıdır.
Tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” kitabında son məlumatlar əsasında Ermənistan Respublikası ərazisində azərbaycanlılara məxsus adları dəyişdirilmiş 717 inzibati-ərazi vahidinin əlifba sırası ilə siyahısı ilk dəfə təqdim edilir. Həmin siyah tərtib edilərkən müəllif 1988-ci ildə İrəvanda sonuncu dəfə çap edilən “Ermənistan SSR-in inzibati-ərazi bölgüsü. 1988-ci ilə avqustun 1-nə olan məlumat” kitabına, müstəqillik əldə edilənədək adların dəyişdirilməsi ilə bağlı verilən Ermənistan SSR Ali sovetinin fərmanlarına, Ermənistanın Müstəqil Dövlətlər Birliyinə üzv olmasından sonra həmin qurumun müvafiq strukturuna adların dətişdirilməsi ilə bağlı təqdim etdiyi siyahılara və 2008-ci ildə İrəvanda erməni dilində çap edilən “Ermənistan Respublikasının yaşayış məntəqələrinin lüğəti” kitabına əsaslanmışdır. Kitabda Azərbaycan toponimlərinə qarşı mərhələ-mərhələ həyata keçirilən linqvistik soyqırımı siyasəti ayrıca təhlil edilir.
Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” kitabında ilk dəfə olaraq qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən həyata keçirilən toponimik cinayətlər haqqında məlumatlar ayrıca bölmə şəklində təqdim edilir.
Kitabın əlavələr bölməsinə “1936-cı ilədək Ermənistanda adları dəyişdirilmiş yaşayış məskənlərinin siyahısı”, “1988-ci ilə qədər indiki Ermənistanda mövcud olan azərbaycanlı yaşayış məntəqələrinin siyahısı”,”Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə adları dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısı”, “Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 8 avqust 1991-ci il tarixli fərmanı ilə adları dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısı” və “Ermənistanın işğal etdiyi ərazilərdə ermənicələşdirilmiş toponimlər” adlanan siyahılar təqdim edilir. Kitabın sonunda 6 xəritə – Qafqazın 1847-ci il və 1903-cü il xəritələrində indiki Ermənistan ərazisini əhatə edən fraqmentlər, hələ də adlarının dəyişdirilmədiyini özündə əks etdirən Ermənistan SSR-in 1926-cı il xəritəsi, Sovet Ermənistanının 1988-cil rayonlar bölgüsü üzrə xəritəsi, Ermənistanın yeni inzibati-ərazi bölgüsünü özündə əks etdirən vilayətlər üzrə xəritəsi və Ermənistanın və Azərbaycanın işğal edilmiş ərazilərini özündə əks etdirən 2007-cil xəritəsi təqdim edilir.
Təqdimatda mütəxəssislər, tədqiqatçılar, QHT rəhbərləri, gənc tədqiqatçılar çıxış edərək kitab haqqında fikirlərini bildirmişlər. Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə – gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.
Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.