Dahi natiq

01 Oktyabr 2025, 19:37

3 oktyabr 1993-cü il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Həmin gün xalqın sarsılmaz iradəsi və etimadı ilə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu tarixi hadisə müstəqilliyini yenicə qazanmış, lakin böyük sınaqlar qarşısında dayanan ölkəmizin gələcəyinə ümid və güclü bir inam gətirdi. Dövlətin taleyüklü anlarında xalqı ətrafında birləşdirə biləcək, sözünün gücü ilə yol göstərə biləcək liderə ehtiyac vardı. Bu lider isə dahi natiq, müdrik siyasətçi Heydər Əliyev idi.

Heydər Əliyevin natiqlik məharəti onun siyasi fəaliyyətində ən mühüm silahlardan biri olmuşdur. Onun çıxışları yalnız siyasi çağırış xarakteri daşımır, həm də xalqın ruhunu oyadan, ona güc və inam aşılayan bir məktəb idi. Dərin məntiqi, zəngin söz ehtiyatı, hadisələri düzgün analiz etmək və onları sadə, anlaşıqlı formada xalqa çatdırmaq bacarığı onu həm Azərbaycanda, həm də beynəlxalq arenada fərqləndirirdi. Hər bir nitqində millətinin taleyinə yanğı ilə yanaşan Ulu Öndər sadəcə siyasi xadim deyil, həm də böyük bir müdrik, maarifçi və vətənpərvər kimi yadda qaldı.

Onun nitqlərində emosional təsir, məntiq və qətiyyət birləşirdi. Bu çıxışlar yalnız bir dövrün deyil, gələcək nəsillərin də öyrənməsi üçün zəngin bir qaynaqdır. Məhz bu səbəbdən Heydər Əliyevin natiqliyi Azərbaycan siyasi ritorikasında yeni bir mərhələ açdı. O, öz auditoriyasını sözün gücü ilə fəth etməyi bacaran nadir şəxsiyyətlərdən idi. Onun “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” kəlməsi bu gün də hər bir azərbaycanlının qürur və kimlik simvoluna çevrilmişdir.

Ümummilli Liderin Prezident seçilməsi ilə Azərbaycan dövlətçiliyi sabitləşdi, parçalanmaq təhlükəsi qarşısında dayanan ölkə güclü idarəçilik sistemi ilə möhkəmləndi. Xalqı birləşdirən və ona güvən verən məhz Heydər Əliyevin qətiyyətli mövqeyi, müdrik siyasəti və dərin nitqləri oldu.

Heydər Əliyev sadəcə siyasətçi deyil, həm də nitqi ilə millətinə yol göstərən bir rəhbər idi. Onun hər çıxışı tarix dərsi, hər kəlməsi milli kimliyimizin güzgüsü idi. Bu gün də Ulu Öndərin natiqlik məktəbi bizə bir örnək olaraq qalır və sübut edir ki, böyük liderlər yalnız siyasətləri ilə deyil, həm də sözlərinin qüdrəti ilə yadda qalırlar.

Rəvanə Kərimova

Nəsimi Rayon Gənci.