Şərqi Zəngəzur məktəblilərinin peşə təhsili müəssisəsinə ekskursiyası təşkil edilib.
Heftelik.az xəbər verir ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilən ekskursiyada Kəlbəcər rayon 18 nömrəli və Laçın rayon 45 nömrəli tam orta məktəblərdə təhsil alan 29 nəfər şagird iştirak edib.
“Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova bildirib ki, əsas məqsədi şagirdlərin peşə təhsili müəssisələrinə ekskursiyasının təşkili, peşə təhsili, əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumatlılığını artırmaq, peşə məktəblərinə getmək istəyən şagirdlərə konsultasiya xidməti göstərməklə onların doğru sənət seçiminə dəstək verməkdir: “Bu fəaliyyət Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Peşə öyrən, işsiz qalma!” – Məktəblilər arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində həyata keçirilir. Layihə işğaldan azad olunan Şərqi Zəngəzura qayıdacaq rayonlarımıza tabe məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin doğru sənət seçiminə yönləndirilməsi, peşə təhsilinin əhəmiyyəti, şagirdlərin respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırılmalarına hədəflənib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya zamanı Kəlbəcər rayon 18 nömrəli və Laçın rayon 45 nömrəli tam orta məktəblərdə təhsil alan VII-IX sinif şagirdləri peşə məktəbində öyrədilən peşələrlə bağlı məlumat alıblar. Həmçinin tədris müəssisəsini gəzərək mövcud şəraitlə tanış ola biliblər”.
G.Həsənovanın sözlərinə görə, layihə çərçivəsində peşə təhsilinə maraq göstərən şagirdlərin sənədlərinin hazırlanması və peşə seçiminə dəstək verilir, onlara konsultasiya xidməti göstərilir.
Layihənin eksperti Əsmər Baxışova Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən ixtisaslarla bağlı şagirdlərə məlumat verib. Şagirdlər həm doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü tədbirlərlə əyani tanış ola biliblər.
Ekskursiyanın sonunda layihə rəhbəri Gülsarə Gəsənova və Layihənin eksperti Əsmər Baxışova şagirdləri maraqlandıran sualları cavablandırıblar.