Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonu, Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Heftelik.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ-2106” minik avtomobilinin idarəetməni itirərək dərinliyi 5 metr olan dərəyə aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Mustafazadə Elgün İntiqam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.