Oktyabrın 3 – də Azərbaycan Dillər Universitetində “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən “Ermənistanın toponimik cinayətləri” layihəsi çərçivəsində tələbə – gənclər və gənc tədqiqatçıların iştirakı ilə konfrans keçirilib.

Konfransda Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzurun tarixi, Ermənistanda azərbaycanlılara məxsus yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə dair məruzə və çıxışlar dinlənilib. Konfrans zamanı layihə çərçivəsində çap olunmuş, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın müəllifi olduğu “Ermənistanın toponimik cinayətləri” adlı kitabın da təqdimatı keçirilib.

“Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev öz çıxışında layihənin əsas məqsədinin Qərbi Azərbaycan və Qarabağ haqqında tarixi həqiqətlərin, o cümlədən Ermənistan hakimiyyətinin Azərbaycan mənşəli toponimlərə qarşı həyata keçirdiyi fəaliyyətlərin araşdırılması, müxtəlif vasitələrlə yerli və xarici ictimaiyyətə çatdırılması, mövzu üzrə yeni informasiya bazasının yaradılması olduğunu bildirib. O əlavə edib ki, layihə çərçivəsində çap olunmuş kitab tarixi Qərbi Azərbaycan ərazisində yaşamış aborigen azərbaycanlı əhalinin fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində Ermənistan Respublikası tərəfindən həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa məruzəsində Qərbi Azərbaycanın etno-demoqrafik mənzərəsi, ermənilərin köçürülüb yerləşdirilməsi, azərbaycanlı əhaliyə qarşı mərhələ-mərhələ həyata keçirilən etnik təmizləmə siyasəti və tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin yaranması prosesindən danışıb, yeni nəşr olunmuş kitabda Qərbi Azərbaycanın etnotoponimləri, antrotoponimləri, oronimləri, hidronimləri, zoo və fitotoponimləri, İrəvan şəhərinin mikrotoponimlərinin təqdim edildiyini qeyd edib.

Mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə – gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

Konfrans zamanı tələbə və gəncləri maraqlandıran suallar cavablandırılıb.

Sonda “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin istehsalı olan “Göyçə – itirilmiş ocaq” adlı sənədlin filmin nümayişi keçirilib.

Konfrans zamanı poliqrafiya, çap məhsulları iştirakçılara paylanıb. Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.