Qaraməryəm–İsmayıllı–Şəki yolunun 42-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.
Nəticədə “Mersedes” markalı avtomobilin sürücüsü R.Ələsgərov hadisə yerində vəfat edib və avtomobildəki 3 nəfər sərnişin xəsarət alıb. “BMW” markalı avtomobilin sürücüsü R. Quliyev həyatını itirib və yanındakı sərnişin xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “BMW” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və “BMW” markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.