Gəncədə yol qəzası baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər ərazisində avtomobil yolu keçmək istəyən 4 piyadanı vurub.
Daha sonra avtomobil idarəetmədən çıxaraq divara çırpılıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Qəza nəticəsində 1959-cü il təvəllüdlü Q. Səfərova ölüb.
Xəsarət alanlar isə 1987-ci il təvəllüdlü İ. Məmmədova, 2008-ci il təvəllüdlü P. Məmmədova, 2024-cü il N. Məmmədovdur.
TƏBİB-dən bildirilib ki, Gəncədə yol qəzası ilə əlaqədar bu gün saat 12:30 radələrində 2 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Hər iki şəxsə başın dəqiqləşdirilməmiş lokalizasiyasının səthi travması diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.