Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) və ölkə arasında vizasız gediş-gəliş rejiminin dayandırılacağını düşünmür.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

Onun sözlərinə görə, Aİ gürcü xalqından çox qıcıqlanıb:

“Amma hesab etmirəm ki, vizasız rejimi ləğv etməklə xalqı cəzalandıracaqlar”.

Hökumət başçısı Gürcüstanın avrointeqrasiya üçün mümkün olan bütün addımları atdığını söyləyib.

“Gürcüstan namizəd ölkələr arasında bütün istiqamətlər üzrə bir nömrəli ölkədir. Avropa İttifaqının münasibəti praqmatik olsa, biz 2030-cu ildə təşkilatın üzvü olacağıq”,- deyə İ.Kobaxidze əlavə edib.

Qeyd edək ki, ötən gün Avropa Parlamenti Aİ-yə üzv olmayan Gürcüstan da daxil olmaqla 61 ölkə üçün vizasız rejimin dayandırılmasını sadələşdirəcək qanun layihəsini dəstəkləyib.