Netanyahu razılaşmadan danışdı

09 Oktyabr 2025, 06:29

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında saxlanılan bütün girovların geri qaytarılmasına ümid edir.

Heftelik.az  xəbər verir ki, bu, onun ABŞ Prezidenti Donald Trampın Qəzza sülh planının birinci fazası ilə bağlı razılaşmaların əldə olunduğunu açıqlamasından sonra ilk qısa şərhi olub.

İsrail Baş nazirinin dəftərxanasından verilən açıqlamaya görə, Netanyahu deyib: “Tanrının köməyi ilə onların hamısını evlərinə qaytaracağıq”.

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəsin birinci mərhələsini ratifikasiya etmək üçün Nazirlər Kabinetinin iclasını çağırmağı planlaşdırdığını açıqlayıb.”Bu, İsrail üçün əla gündür. Sabah sazişi təsdiqləmək və bütün əziz girovlarımızı evə gətirmək üçün Nazirlər Kabinetinin iclasını keçirəcəyəm”, – Netanyahu bildirib.

O, ordu və təhlükəsizlik qüvvələrinə göstərdikləri cəsarətə görə təşəkkür edib.

Baş nazir Qəzzada sülh nizamlanması üçün bu planı təklif edən ABŞ prezidenti Donald Trampa xüsusi minnətdarlığını bildirib.

“Tanrının köməyi ilə biz bütün məqsədlərimizə birlikdə nail olmağa və qonşularımızla sülh dairəsini genişləndirməyə davam edəcəyik”, – Netanyahu əlavə edib.