ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Macarıstanın paytaxtı Budapeştdə görüşəcək.

Heftelik.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “Truth Social” hesabında yazıb.

Onun sözlərinə görə, gələn həftə iki ölkə arasında yüksək səviyyəli müşavirlərin görüşü keçiriləcək.

Tramp bildirib ki, tərəflər arasında baş tutan söhbət zamanı Ukrayna münaqişəsindən sonra ABŞ və Rusiya arasındakı ticarət əlaqələrinin bərpası məsələsi müzakirə edilib.

O, həmçinin Putinlə baş tutan bu danışığı yaxın günlərdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirəcəyi görüşdə də müzakirə edəcəyini bildirib.

Bu arada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın telefon danışığının təfərrüatlarını açıqlayıb.

Uşakovun sözlərinə görə, prezidentilərin telefon danışığı təxminən iki saat yarım davam edib və çox məzmunlu, son dərəcə səmimi və etibarlı olub.

Ukrayna böhranına xüsusi diqqət yetirilib, Rusiya prezidenti vəziyyəti dəyərləndirib, Moskvanın sülh yolu ilə siyasi və diplomatik həllə nail olmaqda maraqlı olduğunu bildirib.

Uşakovun sözlərinə görə, Putin qeyd edib ki, Rusiya strateji təşəbbüsü əlində saxlayır, Ukrayna isə terror üsullarına əl atır və Rusiya buna cavab verməyə məcburdur.

Kreml rəsmisi əlavə edib ki, Tramp da öz növbəsində Ukraynada tezliklə sülhün bərqərar olmasının vacibliyini dəfələrlə vurğulayıb.

Prezidentin köməkçisi əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin ən çətin olduğunu sübut edən fikir bütün söhbət zamanı özünü büruzə verib:

“ABŞ prezidenti qeyd edib ki, münaqişəyə son qoyulması əməkdaşlıq üçün böyük perspektivlər açacaq.

Telefon danışığı zamanı Ukraynaya mümkün uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükü məsələsinə də toxunulub. Putin bunun döyüş meydanında vəziyyəti dəyişməyəcəyini, lakin ölkələr arasında münasibətlərə ciddi ziyan vuracağını bir daha vurğulayıb”.

Uşakov dövlət başçılarının yeni görüşün keçirilməsi imkanlarını da müzakirə etdiklərini söyləyib.

Qeyd edib ki, iki ölkənin nümayəndələrinin, məsələn Budapeştdə baş tuta biləcək görüşə dərhal hazırlaşmağa başlaması barədə razılıq əldə olunub.

“Təmas olduqca faydalı” oldu və iki lider təmasları davam etdirməyi razılaşdırıblar”, – Putinin köməkçisi yekunlaşdırıb.