Parisdəki məşhur Luvr muzeyində oğurluq hadisəsi baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə yerli media məlumat yayıb.
Beş nəfər naməlum şəxs Sene çayı tərəfindən muzeyə daxil olaraq Napoleona və imperatriçəyə aid zinət əşyalarını – boyunbağı, bər-bəzək broşu və diademanı oğurlayıblar.
Fransa daxili işlər naziri Brüno Retayo Luvr muzeyində baş vermiş oğurluq hadisəsinin təfərrüatlarını da açıqlayıb. Nazir bildirib ki, cinayətkarlar muzeyə daxil olmaq üçün avtomatik tikinti pilləkənindən istifadə ediblər.
Məlum olub ki, oğrular Sene çayı sahilindən, hazırda təmir işləri aparılan ərazidən muzeyə daxil olublar.
Onlar Apollon qalereyasındakı zala birbaşa giriş əldə etmək üçün yük liftindən istifadə ediblər.
Bu gün səhər Parisdəki Luvr muzeyindən oğurlanan qiymətli zinət əşyalardan biri isə tapılıb. “Le Parisien” yazıb ki, Napoleonun həyat yoldaşının – imperatriçənin tacından söhbət gedir. Tac sınmış vəziyyətdə aşkarlanıb.O da məlum olub ki, oğurluq cəmi 7 dəqiqə ərzində həyata keçirilib, xəbərdarlıq siqnalları işə düşməyib.