Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərində səsvermə başa çatıb.
Heftelik.az-ın məlumatına görə, səsvermə yerli vaxtla saat 18:00-da yekunlaşıb.
ŞKTC-nin 9-cu prezidentinin seçiləcəyi seçkidə bu post uğrunda hazırkı dövlət başçısı Ersin Tatar müstəqil namizəd kimi mübarizə aparıb. Tufan Erhürman, Hüseyn Gürlek, Mehmet Hasgüler, Arif Salih Kırdağ, Ahmet Boran, İbrahim Yazıcı və Osman Zorba da prezidentliyə namizədlər olub. Hüseyn Gürlek səsvermədən bir gün əvvəl Ersin Tatarın xeyrinə namizədliyini geri götürüb.
Öncədən proqnozlaşdırıldığı kimi, seçkidə ən yüksək səs toplayan namizədlər ŞKTC-nin müstəqilliyinin tərəfdarı olan Ersin Tatar və federasiya modelini dəstəkləyən Tufan Erhürman olub.
Şimali Kipr Türk Cümhuriyyətinin Ali Seçki Qurumunun sədri Bertan Özerdağ 777 seçki qutusundan 735-nin açıqlaraq sayıldığını, Ersin Tatarın 35,77%, Tufan Erhürmanın 62,80% səs topladığını açıqlayıb.
Qeyd edək ki, namizədlərin hər hansı birinin ilk turda qalib gəlməsi üçün 50% + 1 səs toplaması lazım idi. Beləliklə, səslərin əksəriyyəti sayıldığı üçün nəticələrdə ciddi dəyişiklik mümkün deyil və Tufan Erhürman ŞKTC-nin 9-cu prezidenti olacaq.