Bakı sakinləri artıq hava limanından taksi sifarişini əsasən mobil tətbiqlər vasitəsilə həyata keçirir.

Heftelik.az Təhlil.az-a istinadın xəbər verir ki, Media Təhlil Mərkəzinin (MTM) keçirdiyi son sorğunun nəticələrinə əsasən, paytaxt əhalisi nəqliyyat vərdişlərində tam rəqəmsallaşmaya doğru irəliləyir.

Belə ki, respondentlərin 94 faizi mobil taksi tətbiqlərindən aktiv istifadə etdiyini, yalnız 6 faizi isə hələ də bu xidmətlərə qoşulmadığını bildirib. Bu göstərici rəqəmsal həllərin nəqliyyat sektorunda artıq normaya çevrildiyini göstərir.

Sərnişinlərin böyük əksəriyyəti, yəni 95 faizi hava limanında mobil tətbiqlə taksi sifariş etmə imkanını “vacib” və ya “çox vacib” hesab edir. Onların fikrincə, bu, rahatlıqla yanaşı şəffaf qiymət, təhlükəsizlik və əvvəlcədən ödəniş barədə məlumat almaq baxımından da üstünlük yaradır.

Lakin sorğunun ən maraqlı hissəsi qiymətlərlə bağlıdır. Hazırda hava limanından şəhər mərkəzinə qədər taksi gedişi 22–25 manat civarındadır və respondentlərin 95 faizi bu məbləği “yüksək” qiymətləndirib. Yalnız 3 faiz qiyməti qənaətbəxş hesab edib.

Nəticələr onu deməyə əsas verir ki, rəqəmsal xidmətlərə maraq artsa da, qiymətlərin ədalətliliyi barədə ictimai rəy hələ tam formalaşmayıb. Sərnişinlər hesab edir ki, mobil tətbiqlərin artan istifadəsi fonunda qiymət siyasəti həm rahat, həm də cibə uyğun olaraq yenidən tənzimlənməlidir.