Ukrayna Qazaxıstanı ziyana salıb

20 Oktyabr 2025, 19:40

Qazaxıstan, Rusiyanın Orenburq bölgəsində yerləşən iri qaz emalı zavoduna Ukrayna tərəfindən həyata keçirilən dron hücumu səbəbilə özünün əsas neft və qaz yataqlarından biri olan Karaçanaqda hasilatı 25–30% azaldıb.

Heftelik.az xəbər verir ki, bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat verib.

Məlumata görə, Qazaxıstan Energetika Nazirliyi Orenburq qaz emalı zavodu Ukrayna dronlarının hücumuna məruz qaldıqdan sonra qaz qəbulunu dayandırdığını təsdiqləyib.

Rusiyanın “Orenday” nəşrinin məlumatına görə, bu gün zavodda yanğın baş verib. Hadisəyə səbəb kimi dron hücumu göstərilir. Hücum nəticəsində zavodun bir neçə sexi zərər görüb və yanğın başlayıb, lakin işçilər arasında xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbi hələ araşdırılır.

1974-cü ildən fəaliyyət göstərən Orenburq qaz emalı zavodu dünyanın ən iri qaz-kimya komplekslərindən biri sayılır və Qazprom şirkətinə məxsusdur. Zavod uzun illərdir ki, Qazaxıstan qazını emal edir. Onun fəaliyyətinin dayanması Qazaxıstanın hasilatına artıq ciddi təsir göstərir.