Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonu, Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Heftelik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “KİA”, “VAZ-2107” və “VAZ-2106” markalı minik avtomobillərinin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə “VAZ 2107” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1992-ci il təvəllüdlü Rəsullu Turan Kamal oğlunun, 1981-ci il təvəllüdlü Mehtiyeva Pərvanə Kamal qızının və Mehtiyeva Yeganə Kamal qızının meyitlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bundan əlavə, yol-qəza hadisəsi nəticəsində “KİA” markalı minik avtomobilinin sürücüsü 1977-ci il təvəllüdlü Abbasov Ədalət Kamal oğlu və sərnişini 1982-ci il təvəllüdlü Həsənova Nuranə Əfsər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

TƏBİB0-dən bildirilib ki, Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 18:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.

Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

“Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir”, – məlumatda vurğulanıb.