
Cüdo üzrə gənclərdən ibarət millimizin üzvü Aslan Kotsoyev komanda yoldaşı Tuncay Şamili məhkəməyə verib.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kotsoyev iddia edib ki, Şamil onu təhqir edib və bu səbəbdən onun 6 aylıq həbs edilməsini istəyir.
Şikayət ərizəsində yazılıb ki, hadisə təxminən iki ay əvvəl, millinin Şimali Makedoniyaya səfəri zamanı baş verib. İdmançılar arasında yaranan mübahisə vatsap yazışması zamanı böyüyüb və Tuncay Aslanı təhqir edib. Eyni gündə tərəflər hava limanında üz-üzə gəlib və mübahisə digər komanda üzvlərinin gözü qarşısında davam edib.
Gənclər arasında Avropa ikincisi olan Aslan Kotsoyev iddia edir ki, həmin vaxt Şamil ona digərlərinin eşidəcəyi şəkildə nalayiq sözlər deyib. İdmançı bu hərəkətləri şərəf və ləyaqətinin alçaldılması kimi qiymətləndirərək Şamilin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edib.
Qeyd edək ki, daha əvvəl T.Şamil elə bu insidentə görə millidən uzaqlaşdırılmışdı. Amma idmançı bu qərarı qərəzli hesab edib. O iddia edib ki, A.Kotsoyevin Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olması ona üstünlük yaradıb, federasiya rəsmiləri isə təqsiri olmadığı halda onu komandadan uzaqlaşdırıb.
Fotoda: Zelim Kotsayev

