Baş Prokurorluq Elton Məmmədova rəsmi xəbərdarlıq edib.
Heftelik.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir.
Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər idarəsinin sabiq müdiri, hazırda həmin qurumun Rəyasət Heyəti Aparatının Sosial xidmətlər şöbəsinin müdiri Məmmədov Elton Arzuman oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə açıqlaması yayılıb. Elton Məmmədov açıqlamasında istintaq orqanına çağırılmadığını, hər hansı qanun pozuntusuna yol vermədiyini qeyd edib və bu məzmunda mediada yayılan məlumatları yalan adlandırıb.
Bildirilir ki, AMEA-da baş verən qanunsuzluqlar barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib.
“Bununla yanaşı, mediada həqiqətə uyğun olmayan və cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalar yaydığına, həmçinin ibtidai istintaqın obyektivliyinə və ictimai etimada xələl gətirə biləcək hərəkətlərə görə Elton Məmmədov Baş Prokurorluğa dəvət olunub, ona qanunvericiliyin tələbləri izah edilməklə rəsmi xəbərdarlıq edilib”, məlumatda deyilir.
***
saat 13.45
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş.
Belə ki, prokurorluq tərəfindən onun barəsində cinayət təqibi aparılır. E. Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib.
Amma sabiq deputat istintaq zamanı dövlətə dəymiş ziyanı ödəməyə razılaşıb. O, mənimsədiyi milyonlarla vəsaiti büdcəyə geri qaytarıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. Elton Məmmədovun araşdırması davam edən digər epizodlarda da adının keçə biləcəyi istisna edilmir.
Qeyd edək ki, bu yaxınlarda baş prokuror Kamran Əliyev jurnalistlərin mövzu ilə bağlı suallarını cavablandırıb. Baş prokuror deyib ki, AMEA-da qeydə alınmış qanun pozuntuları üzrə hərtərəfli araşdırma aparılıb. Bəzi epizodlar üzrə ibtidai istintaq tamamlanaraq məhkəməyə göndərilib, qalan epizodlar üzrə isə istintaq davam etdirilir.
Xatırladaq ki, Ramiz Mehdiyev AMEA prezidenti olduğu dönəmdə onunla keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovun münasibətləri gərginləşmişdi. Hətta E.Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışmışdı. Bununla bağlı hətta səs yazısı yayılamışdı. Səs yazısından aydın olurdu ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.
Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib. Elton Məmmədov qeyd etmişdi ki, alimlər üçün olan AMEA-nın torpaq təyinatları dəyişdirilib və ayrı-ayrı adamlara satılıb.