Zaqatalada bir həftə əvvəl tanışları tərəfindən döyülən 41 yaşlı kişi xəstəxanada ölüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsində müalicə alan 41 yaşlı Zaqatala şəhər sakini İsgəndər Yusif oğlu Musayev axşam saatlarında dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, İ. Musayev oktyabrın 20-dən 21-ə keçən gecə rayonun Yuxarı Tala kənd inzibati ərazisində tanışları Zaqatala rayon sakinləri Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov tərəfindən aralarında baş verən münaqişə zəminində ölümcül döyülmüşdü.

Hadisəni törətməkdə şübhəli sayılan Hafiz Ramiz oğlu Hacıyev və Rasim Süleymanoviç Abbasov hadisəni törətdikdən sonra qaçıb gizləniblər.

Bu gün polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Zaqatala rayon sakini İskəndər Musayevi döyərək onun ölümünə səbəb olan şəxslərdən biri, 36 yaşlı Rasim Abbasov saxlanılıb.